Xoş Gəldiniz Гость | RSS

Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci

bazar ertəsi, 26.02.2018, 02:07


Главная » 2014 » Yanvar » 2 » “Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru” konfransında nazir Əli Abbasovun çıxışı
17:26
“Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru” konfransında nazir Əli Abbasovun çıxışı
                                      
                                 
                                  




-Hörmətli konfrans iştirakçıları!

 

Hər il ənənəvi olaraq Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən konfransda mənə də çıxış üçün şərait yaratdığınıza görə öz minnətdarlığımı bildirirəm. Bir neçə gün bundan öncə möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin uğurlu enerji siyasətinin yeni bir nəticəsi - 21-ci əsrin müqaviləsinin imzalanması Azərbaycanda inkişafın, yeni bir mərhələnin başlanğıcıdır. Prezident İlham Əliyevin 2003-cü il Cenevrədə keçirilən sammitdə "Qara qızılı insan qızılına çevirək” tezisi və bu tezis əsasında onun apardığı siyasət, neftin köməyi ilə Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafına yönəlmiş siyasətin əsas sütunlarından biri də Azərbaycanda yüksək texnologiyalar, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafıdır.

 

Sonda çıxış etmək müəyyən qədər çətindir. Çünki hörmətli Yaqub müəllimin, həmçinin Əli müəllimin, Samir müəllimin çıxışlarında bu sahəyə müəyyən qədər toxunuldu. Mən çalışaram ki, qısa zaman ərzində bu sahədə durduğumuz mövqe və gələcəkdə  - 2020-ci ilə qədər qarşımıza qoyduğumuz hədəflər və bu hədəflərə çatmağın yollarını, qısa da olsa, məruzə edim.

 

Yaqub müəllimin də qeyd etdiyi kimi, bu gün Azərbaycanda İKT-nin inkişafı bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın bu mövqeyi Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən 68, Ümumdünya İqtisadi Forumu – Davos Forumunun builki qlobal texnoloji hesabatında isə 56-cı yerdə qiymətləndirilir və bir çox göstəricilərə, məsələn, internetin istifadə sıxlığına görə Azərbaycanın MDB və Mərkəzi Asiya ölkələri arasında 70 faizlik göstərici ilə birinci yer tutması, həmçinin bu hesabatda çox vacib olan digər məsələ - internetin əlçatanlığına görə beynəlxalq aləmdə 20-ci yerdə qərarlaşması yüksək göstəricilərdir. Həmçinin mobil sektorda əldə etdiyimiz nailiyyətlər, mobil abunəçilərin sayına görə sıxlıq hər 100 nəfərə 110 rəqəmi ilə ölçülür və çox az ölkələrdə bütün ərazi bu xidmətlə örtülmüşdür. Azərbaycanda ilin sonuna rəqəmli televiziya proqramlarının ölkə üzrə yayım əhatəsinin təxminən 98 faizə çatdırılması da nəzərdə tutulur ki, hazırda bu rəqəm 97 faiz təşkil edir.

 

Ümumiyyətlə, beynəlxalq təşkilatlar və ekspertlərin qiymətləndirmələrinə əsasən, bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişaf səviyyəsi baxımından Azərbaycanın mövqeyi inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasındadır. Burada ölkəmizin kosmik ölkələrin sırasına daxil olunması da qeyd olundu. Son bir rəqəmi gətirim ki, ilk telekommunikasiya peyki - "Azerspace-1”-in ixrac xidmətlərindən son altı ayda təxminən 10 milyon dollara yaxın  gəlir əldə olunmuşdur ki, bu da illik kreditlərin qaytarılmasında 60-70 faiz təşkil edir.

 

Bu sahəyə böyük ümidlər bəslənilir. "Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında Azərbaycanda qeyd olunduğu kimi, ÜDM-nin iki dəfə qeyri-neft sektorunun hesabına artırılmasında İKT-nin xüsusi rolu vurğulanır ki, burada elm, təhsil, texnoloji inkişaf, o cümlədən İKT-nin inkişafına xüsusi bir rol verilir. Ümumiyyətlə, əsas iqtisadi artıma İKT-nin inkişafı 3 istiqamətdə təsir edir: birincisi, infrastruktur; ikincisi, yeni iqtisadi sektor, üçüncüsü və ən böyüyü isə İKT-nin digər sahələrin inkişafına təsiridir. Biz bunu çox vaxt "İqtisadi inkişafın üç mühərrikli lokomotivi” adlandırırıq.

 

Bizim əsas hədəflərimiz nədən ibarətdir? 2020-ci ilə qədər bir çox ölkələrin inkişaf konsepsiyaları var, məsələn, Avropa Birliyi hesab edir ki, İKT-nin ÜDM-də rolu 2025-ci ilə qədər 25 faizə çatdırılacaqdır. Bu rəqəm həmin ölkələr üçün bu gün təxminən 10 faiz altındadır. Azərbaycanda bu rəqəm isə müəyyən qədər kiçikdir.

Birbaşa hesablamalara əsasən, İKT-nin ÜDM-də rolu 3,8-3,9 faiz, bəzi hesablamalarda isə 2 faiz ətrafındadır.

 

Bu gün Azərbaycanda İKT-dən gələn gəlirlər təxminən 2 milyard dollardır. Hədəf  2020-ci ilə qədər bu göstəricini 8-8,5 milyard dollara çatdırmaq və ümumi daxili məhsulun formalaşmasında İKT-nin payını 10 faizə yaxınlaşdırmaqdır. Buna nail olmaq üçün orta illik artımın 15-18 faiz təşkil etməsi planlaşdırılmışdır. Əsasən hansı sahələrin  inkişafı hədəfdədir? Birinci növbədə, 21-ci əsrin infrastrukturu, yəni telekommunikasiya, internet və radio-televiziya yayım infrastrukturunun inkişafı nəzərdə tutulur. Burada bir çox layihələr var. Birinin üzərində qısa durmaq olar. Artıq Dövlət Neft Fondu ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə hazırladığı genişzolaqlı internet layihəsinə əsasən, 3 il ərzində və sonrakı dövrdə yüksəksürətli internetdən istifadənin təxminən 85 faizə çatdırılması nəzərdə tutulur. Bu isə artıq yeni bir sürət inkişafıdır və bu rəqəm həmin dövrdə inkişaf etmiş ölkələrin qoyduğu hədəflərə yaxınlaşacaqdır. İkinci ən əsas istiqamət isə yeni tipli, innovativ tipli elektron məhsulların istehsalı və ən əsası isə onların ixrac potensialının gücləndirilməsinə yönəldilməsidir.

 

Bu gün ixrac potensialımızın böyük həcmi neftdən asılı olduğu üçün möhtərəm prezident İlham Əliyevin andiçmə mərasimində, təsdiq etdiyi "Azərbaycan 2020” İnkişaf Konsepsiyasında və bir çox çıxışlarında hədəfləndirdiyi kimi, ixrac potensialının neftdən asılılığının azaldılması istiqamətində ən əsası innovativ, elektron məhsulların istehsalı və onların ixrac potensialı ilə bağlı layihələr qarşıya qoyulmuşdur. Ölkəmiz kiçik olduğu üçün bazarın həcmi böyük deyil, ona görə də rəqabətqabiliyyətli, ən əsası innovativ xarakterli məhsulların istehsalı və xarici bazarlara çıxarılması istiqamətində biz beynəlxalq əməkdaşlığa böyük diqqət yetiririk. Bu yaxınlarda Yaponiyaya, sonra Avstriyaya səfərimiz zamanı artıq bir neçə böyük layihə ilə bağlı təkliflər hazırlanmışdır ki, hədəf gələn 5-8 ildə Azərbaycanın elektron məhsulları istehsal edən ölkəyə çevrilməsidir.

 

Həmçinin növbəti bir istiqamət isə ölkəmizin bölgədə, regional bazarlarda yeni tipli informasiya-kommunikasiya xidmətlərinin istehsalçısı və ixracatçısına çevrilməsidir ki, bu istiqamətdə də böyük addımlar atılmaqdadır.

 

Məsələn, bu yaxınlarda - sentyabr ayında BMT-nin Baş Assambleyasının 67-ci sessiyasının xüsusi qərarı ilə Azərbaycanın böyük bir tranzit layihəsinə koordinatorluğu təklif olunmuşdur.  O cümlədən bir çox regional ölkələrin, xüsusilə Türkiyə tərəfindən bu layihələrə dəstək verilməsi bu istiqamətdə bizə yeni klasterin açılmasına gətirib çıxarır. Hesab edirik ki, həmçinin  İKT-nin gələcək inkişafında, digər sahələrə də  onun təsirini artırmaq üçün bir neçə böyük layihələrin də həyata keçirilməsi vacibdir. Burada xatırlanan "Elektron Hökumət” layihəsinin əsas hədəfi 2020-ci ilədək dövlətin, hökumətin əhaliyə, biznes sektoruna təqdim etdiyi xidmətlərin təxminən 100 faizinin avtomatlaşdırılması və əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin 80 faizə çatdırılmasıdır. Biz hesab edirik ki, belə bir layihənin həyata keçirilməsi kiçik və orta sahibkarlığın inkişafına, fiziki şəxslərin biznes fəaliyyəti ilə aktiv məşğul olmasına, ümumiyyətlə, əhalinin ümumi inkişafına gətirib çıxaracaqdır. Həmçinin də internet, rəqəm iqtisadiyyatı kimi formalaşan yeni iqtisadiyyatda elektron kommersiya, elektron xidmətlərin verilməsi, elektron korporasiyalar, distant təhsil, distant səhiyyə xidmətlərinin verilməsi kimi  geniş sahələrdə müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır. Buna biz hansı yolla çatmağı qarşıya məqsəd qoyuruq? Bunun üçün artıq müvafiq siyasət aparılır ki, həmin siyasətin də başında Azərbaycan Respublikasının Prezidenti durur və onun bu ilin fevral ayında 2013-cü ili "İKT ili” elan etməsi və Tədbirlər Planını təsdiq etməsində bu məsələ öz əksini tapmışdır. Burada ən əsası "Qızıl üçbucaq” adlandırdığımız konsepsiyanın üzərində iş aparılır və birinci növbədə yüksək texnoloji məhsulların istehsalı üçün intellektual insan resurslarının yetişdirilməsi nəzərdə tutulur. Üçbucağın birinci bucağında bilik durur, bilik potensialının, insanların formalaşdırılması ki, bu istiqamətdə son zamanlar təhsildə, yeni universitetlərin yaranması və Prezident İlham Əliyevin xüsusilə bu sahəyə diqqəti bu üçbucağın birinci hissəsində durur. İkincisi, çox vacib tələb olunan əlverişli biznes mühitinin yaranmasıdır ki, bu istiqamətdə artıq müvafiq tədbirlər görülür. Texnoparkların yaradılması, onlar üçün xüsusi şərait, yeni vergi, gömrük siyasəti, investisiyaların qorunması kimi yeni bir mühitin formalaşmasına ehtiyac var və qeyd etdiyim kimi, bu istiqamətdə artıq işlərə başlanılmışdır. Bu, üçbucağın ikinci tərəfidir. Üçüncüsü isə kapitaldır. Belə bir kapital da Azərbaycanda formalaşmaqdadır.

 

Yəni neftdən gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi, bu vəsaitlərin elm, təhsil, texnoloji inkişafa yönəldilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidentinin apardığı siyasətin mahiyyətində məhz bu üçüncü tərəf durur və bu istiqamətdə əsas siyasət formalaşmaqdadır. Hesab edirik ki, bu istiqamətdə atdığımız addımlar düzgün olarsa, onda hədəfə çatmaq olar. Bunların nəticəsində də innovativ sahibkarlığın inkişafına böyük ehtiyac var və bu innovativ sahibkarlıq artıq yaranmağa başlayıb. Azərbaycanda təhsil, elm, istehsalat və onlar arasında olan əlaqələr və bununla məşğul olan yüksəksəviyyəli biznes fəaliyyəti formalaşır ki, bu da vacib məsələlərdən biridir. Hesab edirik ki, gələcək planlarımızda bizim sahə və yaxın olan digər sahələrdə rəqabət mühitinin daha da sağlamlaşdırılması bu istiqamətdə apardığımız işlərdən biri olacaq və beynəlxalq bazarlarda rəqabətə dözümlü mübarizə aparmaq üçün bizim beynəlxalq əməkdaşlığa, böyük şirkətlərlə birgə layihələrin həyata keçirilməsinə ehtiyacımız var ki, bu da çox vacibdir. Bu gün bir çox ölkələrin irəlidə gedən şirkətləri ilə Azərbaycanın lokal şirkətləri arasında əməkdaşlığın qurulması və bu əməkdaşlığa Azərbaycan tərəfindən kapital köməyi, şərait yaradılması və onların birgə bazara çıxarılması istiqamətində siyasət aparılır və buna da artıq böyük maraq göstərilir. Məsələn, biz bir şirkətlə seminar aparırdıq, orada hətta təklif olundu ki, beynəlxalq şirkətlər layihələrə 25 faiz investisiya ilə qoşulsunlar. Orada layihələrə 50 faiz, hətta ondan da çox qoşulma həvəsi var, çünki belə izah olunur: artıq Azərbaycanın beynəlxalq, enerji, nəqliyyat əməkdaşlığında özünün güclü, etibarlı tərəfdaş olması, Azərbaycan Prezidentinin bu istiqamətdə xüsusi olaraq beynəlxalq əməkdaşlığa hörmət bəsləməsi, apardığı siyasət buna imkan yaradır. Ümumiyyətlə, nəticədə belə görünür ki, gələn 8-10 ildə İKT sahəsinə dövlət tərəfindən 3-3,5 milyard dollar, yaratdığımız şərait öz bəhrəsini verərsə, təxminən bir o qədər də özəl sektor tərəfindən investisiya qoyuluşu gözlənilir.

 

Hesab etsək ki, əgər bu sahəyə investisiya qoyulanda düzgün idarə olunursa, 1 dollar 10 dollar əlavə dəyər yarada bilər, onda doğrudan da bizim qarşımıza qoyduğumuz məqsədlərə çatmağımız üçün ümidimiz var. Azərbaycanın bugünkü texnoloji inkişafda aktiv iştirak etməsini  istəyən qabiliyyətli, böyük intellektual potensialı olan gənclər və iqtisadi, siyasi, dünyəvi yarışlarda xalqını öz arxasınca aparmağı bacaran Prezident İlham Əliyev kimi lider var  və biz əminik  ki, bu hədəflərə Prezidentin rəhbərliyi  ilə çatacağıq.

 

Minnətdaram!



Просмотров: 183 | Добавил: ADMIN | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
! Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla dost olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.